Nəhayət ki, Sumqayıtda da intellektual mərkəz yaradıldı. 11.10.2008-ci il tarixində 3 həmtəsisçi Sarvan Bədəlov, Fuad Əliyev və Ruslan Zeynalov tərəfindən Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi nəzdində SUMQAYIT İNTELLEKT MƏRKƏZİ Gənclər klubunun əsasi qoyuldu. SİM klub adı ilə tanınacaq bu intellekt mərkəzi qarşısına konkret məqsəd və vəzifələr qoymuşdur. Məqsədimiz yeniyetmə və gənclərin intellektual inkişafına yardım göstərmək və bütövlükdə cəmiyyətin intellekt səviyyəsinin yüksəldilməsində onların iştirakını təmin etməkdən ibarətdir. Klubun qarşısına duran vəzifələr aşagıdakılardır:
-Yeniyetmə və gənclərin intellektual inkişafı üçün marifləndirmə işi aparmaq;
-Yeniyetmə və gənclərin dünyagörüşünün artırılmasına yardım göstərmək;
-Yeniyetmə və gənclər arasında müxtəlif intellektual oyunlar keçirmək,həmçinin onlarin yerli və beynəlxalq yarışlarda iştirakını təmin etmək;
- Bacarıqlı,intellektli yeniyetmə və gəncləri üzə çıxarmaq;
-Yeniyetmə və gənclər arasında intellektual təsəbbüskarlıq vərdişlərini formalaşdırmaq;
-Yeniyetmə və gənclərin asudə vaxtlarinin səmərəli təşkilinə köməklik etmək;
Sual oluna bilər :SİM klub hansı zərurətdən yaradıldı?
Məlumdur ki, Sumqayıt şəhəri Azərbaycan təhsilində istedadlı yeniyetmə və gəncləri ilə qabaqcıl yerlərdən birini tutur. Lakin belə bir şəhərdə intellektual potensialdan istifadə edəcək mərkəz yoxdur. Biz istəyirik ki, yeniyetmə və gənc intellekt daşıyıcılarını SİM klub vasitəsilə Sumqayıtın elmi-intellektual həyatinin dirçəlməsinə və gücləndirilməsinə cəlb edək. Bizim klub Sumqayıtın savadlı insanlarını üzə çıxarmaq, onları komandalar şəklində formalaşdırmaq, mütəmadi turnirlər keçirməklə intellektual fəaliyyəti mərkəzləşdirmək, təşkilati işlərdə təcrübə və peşakarlıgı artırmaq,nəhayət yeniyetmə və gənclərin intellektual inkişafini stimullaşdırmaq niyyətindədir. Bununla biz yeniyetmə və gənclərdə elmə daha çox maraq oyadar, onların dünyagörüşünü zənginləşdirmiş olacağıq. Nəticədə cəmiyyətimiz üçün sağlam düşüncəli vətəndaşlar yetişəcək.
Fikrimizi təbiətşunaslığın məşhur “enerjinin çevrilməsi və saxlanması qanunu”na istinadən yekunlaşdırırıq. Məlumdur ki,bu qanuna görə enerji itmir, sadəcə bir şəkildən başqa şəklə düşür. SİM Klub bütün yeniyetmə və gəncləri enerjisini cəmiyyət üçün zərərli və vərdişlərə yox, elm-intellekt dünyasına sərf etməyə çagırır!
QOY İNTELLEKT NƏBZİMİZ İŞIQLI GƏLƏCƏYİMİZ NAMİNƏ VURSUN !